Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko “Real”ın və yığma komandanın əsas qapıçısı Tibo Kurtua haqda danışıb.
Arena.az BBC-yə istinadən məlumat verir ki, italyan-alman mütəxəssis Kurtuanın bu yay Almaniyada keçiriləcək AÇ-2024-də iştirak edəcək Belçika yığmasına çağırılması ehtimalına münasibətini bildirib:
“Kurtua AÇ-2024-ə gedəcəkmi? Biz ancaq münasib vəziyyətdə olan futbolçularla işləyirik. Tibo hazırda oynamır. Bu mövzuda daha heç nə deməyəcəyəm”, deyə Domeniko Tedesko vurğulayıb.
Xatırladaq ki, Tibo Kurtua cari mövsümün əvvəlində sol dizinin ön çarpaz bağının yırtığı zədəsini almış, mövsümün böyük hissəsini müalicəsi ilə məşğul olmuşdu. Martın 19-da isə belçikalı qapıçı məşq zamanı menisk yırtığı zədəsi ilə üzləşmiş və cərrahi müdaxiləyə keçməyə məcbur olmuşdu.
Cari mövsümdə belçikalı qapıçı zədə səbəbindən meydana çıxmayıb. Geridə qalmış 2022/2023 mövsümündə isə Tibo “Real”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 49 qol buraxıb, 17 oyunda qapısının toxunulmazlığını təmin edib.
Kurtua “Real”a 2018-ci ilin avqustunda 35 milyon avro müqabilində “Çelsi”dən keçib. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Kral klubu”nun heyətində belçikalı qapıçı 2 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” çıxıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı qapıçının transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


