AFFA Bruno Qonçalvesi 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Premyer Liqanın 32-ci turunun oyunları ilə bağlı bu qərarlar çıxarılıb:

Azərbaycan Premyer Liqası, 32-ci tur

“Qəbələ” – “Kəpəz” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un futbolçusu Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Tovuz klubu buna görə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə “Neftçi” klubu 500 manat cərimə edilib. “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Tovuz klubu 1000 manat cərimə edilib.

“Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Ağdam klubu 800 manat cərimə edilib.

“Zirə” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın oyunçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərər Naxçıvan” klubu tərəfindən ödəniləcək.

Əvəzedicilər Liqası, 32-ci tur

AFFA İntizam Komitəsinin Əvəzedicilər Liqasının 32-ci turunun oyunlarına dair çıxardığı qərarlar isə bunlardır:

“Sabah-2” – “Səbail-2” oyununda “Səbail”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Sabah” klubu 50 manat cərimə edilib.

“Qəbələ-2” – “Kəpəz-2” oyununda “Kəpəz” matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə Gəncə klubu 1000 manat cərimə edilib.

“Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan” matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə Naxçıvan klubu 100 manat cərimə edilib. “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 70 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: