Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar çıxarılıb.
Arena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 34-cü turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 34-cü tur
“Neftçi” – “Kəpəz” oyununda “Kəpəz”in futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Gəncə klubu buna görə 1500 manat cərimə edilib.
“Zirə” – “Qarabağ” oyununda “Zirə”nin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə”yə xəbərdarlıq edilib. “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu 700 manat cərimə edilib.
“Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Sumqayıt klubu 800 manat cərimə edilib.
“Qəbələ” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Paytaxt klubu buna görə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Əvəzedicilər Liqası, 34-cü tur
“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz”in futbolçusu Nihat Fərəci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kəpəz-2” buna görə 50 manat cərimə edilib. “Kəpəz”in digər futbolçusu Nicat Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Gəncə komandası buna görə 300 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail”in futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 50 manat cərimə edilib.
“Qəbələ-2” – “Sabah-2” oyununda “Qəbələ”nin məşqçisi Elçin Rzazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə edilib.


