U-15 millimiz sərbəst güləş üzrə Avropa çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycanın U-15 milli komandası Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir.

Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan yığmamız 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci olublar. Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) isə üçüncü yeri tutublar.

Yekunda 140 xal toplayan Azərbaycan millisi ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: