Vinçentso İtalyano “Napoli”yə gedir? – Özü açıqladı

“Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyano “Napoli”nin sükanı arxasına keçəcəyi barədə yayılmış xəbərlərə münasibət bildirib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis Neapol klubunun prezidenti Aurelio De Laurentis tərəfindən edilmiş təklifi nəzərdən keçirməsi ilə bağlı xəbərlərə belə reaksiya verib:

“Mənə elə gəlir ki, ötən yay De Laurentis kluba zəng edib və ona mənimlə əlaqə saxlamağa icazə verilməyib. Buna görə də o, geri çəkildi. Cənab Aurelio özünü centlmen kimi apardı. Mən artıq ona böyük hörmət bəsləyirdim. Mən bunu biləndən sonra ona olan hörmətim daha da artdı”, deyə İtalyano bildirib.

Vinçentso İtalyano 2021-ci ilin iyulundan “Fiorentina”nın baş məşqçisi kimi çalışır. İtalyan mütəxəssisin “bənövşələr”lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. 46 yaşlı məşqçi Florensiya təmsilçisini indiyə qədər 159 oyuna çıxarıb. Komanda bu görüşlərdə 77 qələbə qazanıb, 34 heç-heçə edib və 48 məğlubiyyətə üzülüb.

İtalyan mütəxəssis bu mövsüm “Fiorentina”nı Avropa Konfrans Liqasının finalına çıxarıb. Florensiya təmsilçisini mayın 29-da Yunanıstanın “Olimpiakos” komandası ilə həlledici qarşılaşma gözləyir.

“Fiorentina” A Seriyasının cari mövsümündə də 36 oyuna topladığı 54 xalla 8-ci pillədə qərarlaşıb.

İtalyano daha öncə “Spetsiya”, “Trapani”, “Arsinyano”, “Viqontina” kimi komanalara da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: