Sarri Premyer Liqa və La Liqadan maraqlar haqda danışdı

İtalyan mütəxəssis Mauritsio Sarri ünvanına Avropa klublarından gələn yeni təkliflər haqda söhbət açıb, gələcəyi ilə bağlı danışıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hazırda, son aylarda mənə müraciət etmiş cəmi dörd klub var. Onların hamısı Premyer Liqa və La Liqadan olan əcnəbilərdir. Hər şey yaradılacaq imkanlardan asılıdır və əgər məni orta müddətli proqrama cəlb edəcək nəsə yaranarsa”, deyə Sarri bildirib.

Xatırladaq ki, Mauritsio Sarri cari ilin martın 13-də 2021-ci ilin iyunundan çalışdırdığı “Latsio”nun sükanı arxasından istefa verib. 65 yaşlı mütəxəssis “qartallar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. İtalyan mütəxəssisin bu qərarında pərdəarxası məqamların olduğu bildirilir.

Sarrinin “Latsio”nun sükanı arxasında ümumi mənzərəsi belədir: 137 oyun, 65 qələbə, 30 heç-heçə, 42 məğlubiyyət. Sarrinin rəhbərliyi altında “qartallar” 204 qol vurublar, 159 qol buraxıblar.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: