Xabi Alonso: “Öz bacarığıma və komandama çox arxayınam”

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının “Atalanta” ilə final oyununa hazırlığı dəyərləndirib, gözləntilərini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hazırlığımızda heç nəyi dəyişməmişik. Bu mövsüm 51 oyun oynamışıq, dəfələrlə danışmışıq və futbolçuların necə hazırlaşmaq haqda tam anlayışı var. Qarşıdakı iki görüşdə də bizim vəzifəmiz qələbə qazanmaqdır.

Bu, mənim Can Pyero Qasperini ilə ilk görüşüm olacaq və bu, böyük şərəfdir. Hər iki komanda 3-4-3 sxemində oynayır, amma biz çevik ola və taktikanı dəyişə bilərik.

“Atalanta”da oyunçular xüsusi şeylərə qadirdirlər, onların oyunlarına baxanda yeni şeylər öyrənirsən və biz buna hazırlaşmağa çalışdıq. Oyun sxemi – şəkil, oyun isə – bir kinodur.

Əlbəttə, finalı bir oyunçu və bir məşqçi kimi keçirmək – fərqli şeylərdir. Amma mən öz bacarığıma və komandama çox arxayınam – onlar bunu edəcəklər. 51 oyundur məğlub olmamışıq, ona görə də mənim uşaqlarım müxtəlif vəziyyətlərə uyğunlaşmağı bilirlər. Bu, finala da aiddir.

Son beş ildə “Atalanta” həmişə öz fikirlərinə arxalanıb. Onlar nə istədiklərini bilirlər və İtaliyada və Avropada uğur qazanırlar. Amma Almaniyada eyni tərzdə oynayan komandalarla çox oyun keçirmişik. Sabah taktika, ağıl və zehniyyət gərək olacaq”, deyə Xabi Alonso bildirib.

Vurğulayaq ki, Xabi Alonsonun “əczaçılar”ı 51 oyunluq məğlubiyyətsiz silsilədən ibarət mütləq Avropa rekordunu sürdürürlər.

Avropa Liqasının final oyunu bu gün İrlandiyanın paytaxtı Dublin şəhərinin “Aviva” stadionunda keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: