İspaniyalı futbol mütəxəssisi Xulen Lopeteqi İngiltərə Premyer Liqasında mübarizə aparan “Vest Hem”in baş məşqçisi təyin olunub.
Arena.az bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssis bu postda Devid Moyesi əvəzləyib. İspan məşqçi yeni işinə bu il iyulun 1-dən başlayacaq. Onunla imzalanmış müqavilənin müddəti açıqlanmır.
Xatırladaq ki, Xulen Lopeteqinin sonuncu iş yeri İngiltərənin “Vulverhempton” kollektivi olub. Lopeteqi cəmi 9 ay bu komandanın “sükanı arxasında” çalışıb. 56 yaşlı mütəxəssis 2022-ci ilin noyabrında bu posta təyin olunmuş və 2023-cü ilin avqustunda postundan ayrılmışdı. Onun rəhbərliyi altında komanda ötən mövsümü 13-cü pillədə başa vurmuşdu. Lopeteqi “Vulverhempton”u bütövlükdə 27 matça çıxarıb. Komanda bu görüşlərdə 10 qələbə qazanıb, 5 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb.
Xulen Lopeteqi məşqçilik karyerasına İspaniyanın U-17 yığmasında başlayıb. Daha sonra o, ölkəsinin U-19, U-20, U-21 və əsas millilərinə də rəhbərlik edib. Klub karyerasında isə Lopeteqi “Rayo Valyekano”, “Portu”, “Real” və “Sevilya”nı çalışdırıb.


