38 yaşlı Skott Karson daha bir il “Mançester Siti”də!

Qapıçı Skott Karson “Mançester Siti” ilə müqaviləsinin müddətini daha bir il uzadıb və klubda 2025-ci ilin yayına qədər qalacaq.

Arena.az bu barədə Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

38 yaşlı qapıçı bu komandaya 2019-cu ildə icarə əsasında qoşulub. Onun bu klubla ilk müqaviləsi 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulmuşdu. “Derbi Kaunti”yə məxsus futbolçunun klubla müqavilə müddəti 2021-ci ildə bitəndə Karson “Mançester Siti” ilə ödənişsiz transfer əsasında müqavilə imzalamışdı. İngiltərə yığmasının sabiq qapıçısı o vaxtdan bəri hər il yayda bu klubla yeni müqavilə bağlayır. Bir sözlə, təcrübəli qolkiper daha bir il “şəhərlilər”lə olacaq.

Karsonun debütü 2004-cü ilin yanvar ayına təsadüf edir. 18 yaşında “Lids”in heyətində meydana çıxmış gənc Karson indi karyerasının 21-ci mövsümünə veteran statusunda qədəm basır.

Təcrübəli qapıçının “Mançester Siti”də debütü isə 2021-ci ilin may ayına təsadüf edir. O zaman “şəhərlilər” “Nyukasl”ı məğlub etmişdilər. Karson “şəhərlilər”in forması ilə cəmi 2 rəsmi matça çıxıb və 3 qol buraxıb.

Karson məhz “Mançester Siti”yə gəldikdən sonra, karyerasının qürub çağında oynamadan da olsa, müxtəlif titullara sahib çıxıb. Bir neçə gün öncə o, növbəti dəfə bu komanda ilə İngiltərə çempionu olub.

Xatırladaq ki, “Lids”in yetirməsi olan futbolçu, “Aston Villa”, “Şeffild Uensdey”, “Çarlton”, “Uiqan”, “Vest Bromviç”, “Bursaspor” kimi klublarda da çıxış edib. İngiltərə millisinin sabiq üzvü 2015-ci ildən “Mançester Siti”yə keçənə qədər “Derbi Kaunti”də forma geyinib. O, İngiltərə yığmasında da 4 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: