Françesko Farioli “Ayaks”ın baş məşqçisi təyin edildi – Rəsmi

İtaliyalı futbol mütəxəssisi Françesko Farioli Niderland nəhəngi “Ayaks” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az bu barədə Niderland klubunun rəsmi saytına istinadən xəbər verir.

35 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb. Fariolinin qarşısında duran əsas vəzifələrdən biri geridə qalmış mövsümdə tarixinin ən uğursuz dönəmlərindən birini yaşamış Amsterdam klubunu böhrandan çıxarmaq durur.

Xatırladaq ki, “Ayaks” Niderland çempionatının 2023/2024 mövsümünü 56 xalla 18 iştirakçı arasında 5-ci pillədə başa vurub. Komanda keçirdiyi 34 oyunda 15 qələbə qazanıb, 11 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb. Komandanın avrokuboklardakı çıxışı da uğursuz alınıb.

Françesko Farioli isə 2023-cü ilin iyul ayından Fransan “Nitsa” komandasına rəhbərlik edirdi. Onun Liqa 1 təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin 30 iyununa kimidir. Bu üzdən də o, “Nitsa”dan azad agent kimi ayrılmaqla “Ayaks”a keçəcək.

“Nitsa” Fariolinin rəhbərliyi altında bütövlükdə 38 matça çıxıb. Bu görüşlərdə 18 qələbə, 10 heç-heçə və 10 məğlubiyyət qeydə alınıb. Fransa klubu Liqa 1-də 2023/2024 mövsümünü 34 oyuna topladığı 55 xalla 5-ci pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb.

Farioli daha əvvəl Türkiyənin “Alanyaspor” və “Fatih Karagümrük” klublarında da baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: