Rikkardo Kalafyori – A Seriyasında may ayın ən yaxşı oyunçusu!

“Bolonya”nın italiyalı mərkəz müdafiəçisi Rikkardo Kalafyori İtaliya A Seriyasında may ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Azarkeşlərin əksəriyyəti xüsusi sorğuda “Bolonya”nın futbolçusuna səs veriblər. Nəticədə italyan müdafiəçi Qleyson Bremer (“Yuventus”), Milan Dyuriç (“Montsa”), Kristian Pulişiç (“Milan”), Canluka Skamakka (“Atalanta”) və Matias Vesinonu (“Latsio”) geridə qoyub.

Kalafyori may ayında “Bolonya”nın heyətində A Seriyasında 3 oyun keçirib. O, mərkəz müdafiəçisi olmasına baxmayaraq, bu ay 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Uğurlu bir mövsüm keçirən “Bolonya” hazırda A Seriyasının yarış cədvəlində 37 oyundan 68 xalla 3-cü pillədə qərarlaşıb. Kalafyorinin komandası cari mövsümdəki sonuncu oyununu bu gün – mayın 24-də səfərdə “Cenoa”ya qarşı keçirəcək.

Rikkardo Kalafyori 2023-cü ilin avqustundan “Bolonya”da çıxış edir. 22 yaşlı müdafiəçi bu komandanın heyətində keçirdiyi 33 oyunda 2 qol vurub, 5 assist müəllifi olub. “Roma”nın yetirməsi olan futbolçu “Bazel” və “Cenoa” kimi klubların da formasını geyinir.

“Transfermarkt” internet-portalı 22 yaşlı italyan müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Kalafyori bu mövsüm ilk dəfə A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib. Bütövlükdə, bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:

Sentyabr 2023 – Rafael Leao (“Milan”)
Oktyabr 2023 – Luataro Martines (“İnter”)
Noyabr 2023 – Paulo Dibala (“Roma”)
Dekabr 2023 – Kristian Pulişiç (“Milan”)
Yanvar 2024 – Duşan Vlahoviç (“Yuventus”)
Fevral 2024 – Paulo Dibala (“Roma”)
Mart 2024 – Alessandro Bastoni (“İnter”)
Aprel 2024 – Paulo Dibala (“Roma”)

Xəbəri sosial şəbəkələrdə paylaş: