Klaudio Ranyeri alqışlarla yola salındı – Video

İtaliya A Seriyasının 38-ci turunda “Fiorentina”ya qarşı ev oyunu (2:3) “Kalyari”nin sabiq baş məşqçisi Klaudio Ranyeri üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, daha öncə klub futbolunda məşqçilik karyerasına xitam verəcəyini açıqlamış italyan mütəxəssis, bu oyunda sonuncu dəfə məşqçi sükanı arxasında olub.

Bütün stadion – hər iki komandanın azarkeşləri, həmçinin oyunun baş hakim qocaman mütəxəssisi vida oyununda alqışlarla qarşılayıb, alqışlarla da yola salıblar. Ranyeri mütəəssir olaraq kövrəlib və azarkeşlərə müraciət ünvanlayıb:

“Nə bacardıqsa, biz bunu birlikdə etdik. Yalnız sizinlə biz buna nail ola bildik. Uşaqlara əhsən. Həmişə onlara yaxın olun, onları irəli itələsən, onlar həmişə zirvədə olacaqlar. Oynayanda bu uşaqlar sənin haqqında düşünürlər, gedəndə yaşadığın çətinliklər haqqında düşünürlər. İnanın ki, bu, oyunçu üçün ən yaxşı sövqdür.

Bu, möhtəşəm idi, hər kəsə təşəkkür edirəm. Əvvəlcə oyunun niyə başlamadığını başa düşmədim, amma sonra anladım (mütəxəssisin şərəf dəhlizinə görə – redaktorun qeydi). Yaxşı oynadıq, meydana çox yaratdıcı və əla əhval-ruhiyyədə çıxdığımız üçün şadam. Uşaqlar mənə xoş xatirələr buraxdılar. “Kalyari” mənim səyahətimin sonudur. Futbolda olmaq mənim üçün şərəf idi və bir məşqçi kimi böyük zövq aldım.
Ən böyük uğurum “Lester”i çalışdırarkən olub? “Kalyari” “Kalyari”dir…”.

Ranyeri üçün “milli istisna”

Xatırladaq ki, Ranyeri klubları çalışdırmağa son verdiyini bildirsə də, yığma komandalarla işləmək imkanını istisna etməyib:

“Kalyari”ni qəbul edəndə klub məşqçisi kimi karyeramı orada bitirəcəyimi açıq şəkildə bildirmişdim. Amma sabah məni mütləq İtaliya yığmasına deyil, hansısa milli komandaya dəvət etsələr, “hə” cavabını verə bilərəm. Artıq, klublarda işləməyəcəyəm”, – “Football Italia” dərgisi Ranyeridən sitat gətirir

Ranyeri “Kalyari”ni İtaliya A Seriyasında saxlaya bilib. “Adalılar” cari mövsümü 36 xalla yarış cədvəlinin 15-ci pilləsində başa vurublar.

Klaudio Ranyeri futbolçu kimi müdafiəçi mövqeyində çıxış edib. O, “Roma”, “Katandzaro”, “Kataniya” və “Palermo”da oynayıb.

72 yaşlı italyan mütəxəssisin məşqçilik karyerası 1986/1987-ci illər mövsümdən başlayır. Ranyeri “Viqo Lametsiya”nın sükanı arxasında məşqçilik debütünü edib. Ardınca “Puteolana” və “Kalyari”nin baş məşqçisi olmuş Ranyeri artıq tez bir zamanda özünü püxtələşmiş bir mütəxəssis kimi göstərə bilib. Məhz “Kalyari”nin sükanı arxasında qısa müddətdə ərsəyə gəlmiş italyan mütəxəssis daha sonra iddialı “Napoli” və “Fiorentina”nı çalışdırıb. Ranyerinin “Kalyari”yə bağlılığı və sevgisi də bu məqamdan qaynaqlanır. Öz işi ilə diqqət çəkən Ranyeri xarici klubların marağını cəlb edib və italyan mütəxəssisin “Valensiya”nın sükanı arxasına keçməsi ilə nəticələnib. Sonra Madrid “Atletiko”su, “Çelsi”, “Parma”, “Yuventus”, “Roma”, “İnter”, “Monako” Ranyerinin futbol fəlsəfəsi altında çıxış ediblər. Daha sora Raneri Yunanıstan yığmasını çalışdırıb, ardınca “Lester Siti”nin sükanı arxaına keçib. Məhz “Lester Siti” ilə Ranyeri özünün məşqçilik karyerasında ən böyük uğurunu qazanıb. “Tülkülər” İngiltərənini div komandalarını geridə qoyaraq, 2015/2016-cı illər mövsümü İngiltərə Premyer Liqasının qalibi olublar. Ardınca Ranyeri “Nant”, “Fulhem”, “Roma”, “Sampdoriya” və “Uotford”u çalışdırıb və məşqçilik karyerasının qürubunda “Kalyari”yə geri dönüb.

Ranyerinin ən böyük uğuru

Klaudio Ranyerinin qənimətlər muzeyində həmçinin “Kalyari” ilə İtaliya C Seriyasının çempionluğu, C Seriyasının İtaliya Kuboku, 2 dəfə B Seriyasından A Seriyasına yüksəliş nailiyyətləri var. Ranyeri “Fiorentina” ilə B Seriyasının, İtaliya Kubokunun, İtaliya Super Kubokunun qalibi olub. İtalyan mütəxəssis “Valensiya” ilə İspaniya Kral Kubokunu, İntertoto Kubokunu və UEFA Super Kubokunu qazanıb, həmçinin “Monako” ilə Fransa Liqa 2-nin qalibi olub.

Ən böyük uğur isə Ranyerini, artıq qeyd etdiyimiz kimi, “Lester Siti” ilə İngiltərə Premyer Liqasını qaznamaqla tapıb. Elə, həmin 2015/1016-cı illər mövsümündə Ranyeri İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi seçilib. Bundan başqa, çoxillik məşqçilk karyerası ərzində italyan mütəxəssis bir məşqçi kimi müxtəlif fərdi mükafatlar qazanıb.
Klaudio Ranyerinin futbol fəlsəfəsi çalışdırdığı komandaların adətən taktiki cəhətdən ciddi 4-4-2 quruluşundan istifadə etməsi və fiziki hazırlığı, iş həcmi və tezliyi, həmçinin səmərəli və yüksək təşkil edilmiş oyun üslubu – həm müdafiədə, həm də yarımmüdafiədə yığcam olması ilə tanınır. Ranyerinin komandaları müdafiə möhkəmliyinə, topa sahib olmaq üçün ağır təpkidən səmərəli istifadə etmələrinə və sürətli əks-hücumlardan qol vurmaq qabiliyyətinə görə mətbuatda tərif qazanıblar.

Maraqlı məqamlardan biri də Ranyerinin çalışdırdığı hər bir komandada bir oyun təməli, futbol oynamağı bacaran kollektiv özülü qura bilməsidir. Məz bunun üzərində Ranyeridən sonra, çalışdırdığı klublar bir müddət qənaətbəxş səviyyədə çıxış edə biliblər.

İtalyan mütəxəssis insanlarla münasibətdə diplomat kimi tanınır, qocaman mütəxəssis çalışdırıb ayrıldığı hər bir klubda sevilməsi ilə diqqət çəkib.

Xəbəri sosial şəbəkələrdə paylaş: