Bakı İdman Sarayında 23 yaşadək idmançılar arasında təşkil olunmuş güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start verilib.
Elman Ağayev (57 kq) debütdə yunanıstanlı Andreas Parotsidisi vaxtından əvvəl (13:2) xalçadan məyus yola salsa da, 1/4 finalda gürcüstanlı Luka Qvinjiliyaya məğlub olub – 2:12.
Musa Ağayev (65 kq) ukraynalı Yuri Vovku (11:4) mübarizədən kənarlaşdırsa da, türkiyəli Abdullah Topraka uduzub – 2:4.
Kənan Heybətov (70 kq) fransalı Seyfulla İtayevə (10:5) və gürcüstanlı Davit Patsinaşvili (6:2) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Belaruslu Mikita Demçankaya da vaxtından əvvəl (11:0) qalib gələn həmyerlimiz adını finala yazdırıb. Heybətov həlledici görüşdə rusiyalı İnalbek Şeriyevlə qarşılaşacaq.
Ali Tsokayev (79 kq) bolqarıstanlı Radomir Stoyanov (11:0), finlandiyalı Yoona Vuoti (10:0) və moldovalı Marius Retkonu (10:0) tam üstünlüklə məğlub edib. Təmsilçimiz finalda yunanıstanlı Georgios Kuqiumtsidislə güləşəcək.
Rəvan Musayev (97 kq) ilk mərhələdə rusiyalı Soslan Caqayevə uduzub – 2:11. Rəqib finala yüksəldiyi üçün Musayev sabah təsəlliverici görüşdə rumıniyalı Georgian Triponla üz-üzə gələcək.
Qeyd edək ki, əvvəlki dörd gündə güləş üzrə Azərbaycan millisinin üzvləri 11 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) və Jalə Əliyeva (57 kq) Avropa çempionu olublar. Nihad Quluzadə (60) və Elnurə Məmmədova (53 kq) gümüş medalla kifayətləniblər. Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97) və Ruzanna Məmmədova (59 kq) bürünc medala yiyələniblər.


