Liçka Rusiya Premyer Liqasında mövsümün ən yaxşısı seçildi

Moskva “Dinamo”sunun baş məşqçisi, çex mütəxəssis Martsel Liçka Rusiya Premyer Liqasında cari mövsümün ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə Rusiya Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, 2020-ci ildə “Orenburq”un sükanı arxasına keçmiş çex mütəxəssis, 2023-cü ilin yayında Moskva “Dinamo”suna rəhbərliyi üzərinə götürüb.

Qısa müddətdə Liçka “dinamoçular”ı iddialı kollektivə çevirib. “Dinamo” cari mövsümün çempionluğu uğrunda mübarizə aparıb və qızıl medalı yalnız sonuncu, 30-cu turda səfərdə “Krasnodar”a gözlənilmədən uduzmaqla (0:1) əldən verib. Belə acı məğlubiyyətlə “Dinamo” mövsümü 56 xalla 3-cü yerdə, eyni miqdarda xal topladığı, şəxsi görüşlərin nəticələrinə görə geri qaldığı gümüş mükafatçı “Krasnodar”ın ardında tamamlayıb. Sankt-Peterburq “Zent”i isə sonuncu turda “Rostov”u məğlub edərək, 57 xalla ardıcıl 6-cı çempionluğunu bayram edib.

Mövümün bütün bu dramatikliyinə, sonuncu turda acı uğursuzluğuna rəğmən, çex mütəxəssis Martsel Liçka mövsümün məşqçisi adını qazana bilib.

Liçkanın “Dinamo” ilə ilə müqaviləsi cari ilin iyun ayının sonunda başa çatacaq. Hazırda Moskva təmsilçisi çex mütəxəssislə müqavilə müddətinin uzadılması istiqamətində çalışır və yaxın vaxtlarda bu məsələnin uğurla həllini tapacağı vurğulanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: