Enes Ünal üçün 16,5 milyon avro ödədilər, millidən ayrıldı

Türkiyə millisinin hücumçusu Enes Ünal geridə qalmış mövsümdə icarə əsasında formasını geyindiyi “Bornmut”la yeni müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi İspaniyanın “Xetafe” klubundan icarəyə götürdüyü 27 yaşlı futbolçunun çıxışından razı qaldığı üçün, onun transfer hüquqlarını da alıb. İngiltərə klubu bunun üçün La Liqa təmsilçisinə 16,5 milyon avro ödəyib. Enes Ünalla 4 illik müqavilə imzalanıb. Bir sözlə o, 2028-ci ilin 30 iyununa kimi “Bornmut”un uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Enes Ünal “Bornmut”a bu ilin fevral ayında icarə əsasında qoşulmuşdu. Türkiyəli hücumçu bu komandanın heyətində 17 oyuna çıxıb. O, bu oyunlarda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Enes daha öncə “Xetafe”, “Real Valyadolid”, “Bursaspor”, “Tvente”, “Vilyarreal”, “NAK Breda”, “Genk” və “Levante” kimi klublarda da forma geyinib.

Ünal 2015-ci ilin mart ayında debüt etdiyi Türkiyə milli komandasının heyətində 33 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, Almaniyada keçiriləcək Avropa çempionatı (AÇ-2024) üçün açıqlanmış ilkin heyətdə yer alan Enes Ünal zədələnib. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, sol ayağının baş barmağında qırıq aşkarlanmış futbolçu ilkin heyətdən çıxarılıb. Bu isə onun AÇ-2024-də milli komandaya kömək edə bilməyəcəyi anlamına gəlir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: