“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo 2023/2024-cü illər mövsümünün nəticələrinə yekun vurub.
Arena.az məlumat verir ki, portuqal ulduz özünün sosial şəbəkə hesabları üzərindən azarkeşlərə dəstəklərinə görə də təşəkkür edib:
“Oynayın, öyrənin, tərəqqi edin. Bu mövsüm dəstəyinizə görə hər kəsə təşəkkür edirəm. Biz daha da güclü qayıdacağıq!” – Ronaldo yazıb.
Kristiano Ronaldo “Əl-Nəsr”də 2023-cü ilin yanvarından çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.
Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cüdür.
Eyni zamanda Ronaldo cari mövsümün ən səmərəli futbolçusudur. Portuqal hücumçunun hesabında vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal var.
Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


