Azərbaycan güləşçiləri üçün Budapeşt sınağı

Azərbaycan güləşçiləri Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunacaq reytinq turnirində iştirak edəcəklər.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyunun 6-dan 9-na qədər Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə reytinq turniri keçiriləcək. Yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil edəcəklər.

Baş məşqçi Xetaq Qazyumov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında 5 sərbəst güləşçimiz yarışacaq:

Əliabbas Rzazadə (57 kq)
Hacı Əliyev (65 kq)
Turan Bayramov (74 kq)
Maqomedxan Maqomedov (97 kq)
Giorgi Meşvildişvili (125 kq).

Yunan-Roma güləşi üzrə yarışda isə baş məşqçi Aleksandr Tarakanov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədov 7 pəhləvanımıza şans veriblər:

Eldəniz Əzizli (55 kq)
Nihat Məmmədli (60 kq)
Murad Məmmədov (63 kq)
Ülvü Qənizadə, Həsrət Cəfərov (hər ikisi 72 kq)
Sənan Süleymanov (77 kq)
Beka Kandelaki (130 kq).

Zədə səbəbindən Rafiq Hüseynovla (87 kq) Sabah Şəriəti (130 kq) reytinq turnirində iştirak etməyəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək. İlk yarış günündə Əliabbas, Hacı, Maqomedxan və Georgi xalça üzərinə çıxacaq. Növbəti gün Turan çıxış edəcək. İyunun 8-də Nihat, Murad və Beka mübarizə aparacaq. Son yarış günündə isə Eldəniz, Ülvü, Həsrət və Sənan güləşəcək.

Macarıstanda 2-ci dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: