Siyasət Əsgərov: “Qızlarımız sübut etdilər ki…”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyə yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, milli komandamız bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda doğma meydanda Türkiyə yığması ilə qarşılaşıb.

Oyun komandamız üçün uğurlu alınıb. Belə ki, futbolçularımız matçın 89-cu dəqiqəsində vurduqları yeganə qolla qalib gəliblər – 1:0.

Matçdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında futbolçularının çıxışına belə şərh verib:

“Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Sayları az olsa da, sona qədər komandanın gücünə güc qatdılar. Həmçinin komandama təşəkkürümü bildirirəm. Qızlarımız sübut etdilər ki, Azərbaycanda qadın futbolu inkişafdadır. Türkiyə Super Liqasında yüksək səviyyəli 16 klub çıxış edir. Milli komandaları üçün seçim imkanları genişdir. Buna baxmayaraq, bu gün komandamız möhtəşəm mübarizə ilə qələbə qazandı.

Ərzincandakı görüşdə hakimlərin idarəçiliyi ürəyimizcə olmamışdı. Qapımıza heç nədən penalti təyin olundu, üstəlik, bizim lehimizə bir onbirmetrlik verilmədi. Həmçinin qızlarımızda həyəcan da var idi. Çünki böyük kütlə qarşısında çıxış edirdilər. Türkiyədəki oyunda minimum 1 xal qazana bilərdik”.

Qeyd edək ki, Türkiyə yığması üzərində 1:0 hesablı qələbə qazanan Azərbaycan milli komandası xallarının sayını 4-ə yüksəldib. Millimiz qrupda növbəti oyununu iyulun 12-də “Dalğa Arena”da Macarıstan kollektivinə qarşı keçirəcək. Hansı ki, macarlar da yığmamızla eyni xala malikdirlər və qrupda 3-cü yeri tuturlar. 1-ci qrupa 9 xalla İsveçrə liderlik edir. Türkiyə yığması 6 xalla ikincidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: