Okan Buruk “Qalatasaray”la yeni müqavilə imzaladı – Rəsmi

Futbol üzrə Türkiyə çempionu “Qalatasaray” baş məşqçisi Okan Buruk ilə yeni müqavilə imzalandığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

50 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. Əvvəlki müqaviləsinin müddəti bu ay başa çatan türkiyəli məşqçi yeni sözləşməyə əsasən 2026-cı ilin 30 iyununa kimi İstanbul təmsilçisinə rəhbərlik etməlidir.

“Qalatasaray” baş məşqçisinin yeni müqaviləyə əsasən qazancını da ictimaiyyətə açıqlayıb. Belə ki, Okan Burukun 2024/2025 mövsümündə 110,250,000 TL qazanacağı diqqətə çatdırılıb. 2025/2026 mövsümündə isə bu məbləğin daha da artması nəzərdə tutulub.

Okan Buruk imza mərasimində yeni hədəflərini açıqlayıb: “Hədəf 25-ci çempionluq, 5-ci ulduzdur. Bu, bizim üçün böyük motivasiya olacaq. “Qalatasaray” hər zaman kuboklara namizəd olan azarkeşləri ilə çox güclü komandadır. Biz də ona xidmət etməyə çalışırıq. Təşəkkür edirəm. Hələ də ilk gündəki kimi, eyni motivasiyadayıq. İnşallah, daha çox kuboklar və uğurlar qazanacağıq. Məqsədimiz çempionluqlar, Avropada uğur qazanmaqdır”.

Xatırladaq ki, Okan Buruk 2022-ci ilin iyun ayından “Qalatasaray”a rəhbərlik edir. 50 yaşlı mütəxəssis indiyə qədər bu komandanı 95 oyuna çıxarıb. Bu görüşlərdə 73 qələbə qazanmış “aslanlar” 10 heç-heçə ediblər, 12 məğlubiyyətə üzülüblər. Okan Burukun “Qalatasaray”dakı ümumi xal ortalaması da diqqət çəkir – 2,41 xal.

Ardıcıl 2 mövsüm (2022/2023, 2023/2024) Türkiyə çempionu olmuş Okan Buruklu “Qalatasaray” geridə qalmış mövsümdə Türkiyə Super Kubokuna sahib çıxıb. Okan bir dəfə “Akhisarspor”la Türkiyə Kubokunu qazanıb, həmçinin 2019/2020 mövsümündə “Başakşəhər”lə Türkiyə çempionu olub.

Okan Burukun çalışdırdığı komandalar arasında “Başakşəhər”, “Rizəspor”, “Akhisarspor”, “Göztəpə”, “Sivasspor”, “Qaziantepspor”, “Elazığspor” da var. O, məşqçiliyə Türkiyə millisində köməkçi-məşqçi təyinatı ilə başlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: