“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi bu il keçiriləcək Amerika Kubokunun favoritini açıqlayıb.
Arena.az “Infobae” dərgisinə istinadən məlunat verir ki, argentinalı ulduz həmçinin qarşıdakı yarışdan gözləntilərini paylaşıb:
“Düşünürəm ki, Argentina həmişə favoritdir, əvvəllər hamısını qazansaq da, hətta məqsədlərimizə çatmamış olsaq da, Argentina həmişə favorit olub. Çempionat başlayanda, istər Dünya Kuboku, istər Amerika Kuboku, istərsə də başqa bir şey, Argentina da Braziliya qədər və daha çox bu Amerika Kubokuna namizəddir. Amma düşünürəm ki, bu gün Cənubi Amerika komandaları çox güclüdürlər. Uruqvay çox yaxşıdır, Kolumbiya, Ekvador. Buna əsaslanaraq, bütün oyunlarda oynamaq çox çətin olur, amma düşünürəm ki, bu Amerika Kuboku çox bərabərsəviyyəli olacaq”, deyə “Leo” vurğulayıb.
Xatırladaq ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-ın 14 şəhərində keçiriləcək.
Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


