“Lester Siti”nin ingilis veteran mərkəz hücumçusu və kapitanı Ceymi Vardi “tülkülər”lə müqaviləsini daha 1 il müddətinə uzadıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Ceymi Vardinin “tülkülər”lə yenilənmiş müqaviləsinin müddəti 2024/2025-ci illər mövsümünün sonuna qədər qüvvədə olacaq.
Veteran hücumçu bu barədə öz fikirlərini ifadə edib:
“Ötən mövsüm göstərdiyim nəticələrdən məmnunam, amma qarşıda hələ çoxu var. Özümə diqqət edirəm. Mən həmişə demişəm ki, yaş – sadəcə bir rəqəmdir. Ayaqlarım özlərini əla hiss edirlər, ona görə də onlar: “Budur, oyun bitdi”, deyənə qədər oynamağa davam edirəm. Nə vaxtsa bu, baş verəcək, amma indi yox.
Premyer Liqada növbəti mövsümü səbirsizliklə gözləyirik, nə edə biləcəyimizi isə baxıb-görərik. Bu, yüz faiz, dünyanın ən yaxşı liqasıdır. Məhz burada öz futbolumu oynamaq istəyirəm”, – klubun rəsmi saytı Vardidən sitat gətirir.
Xatırladaq ki, “Lester Siti” 2023/2024-cü illər mövsümü İngiltərə Çempionşipinin qalibi olub və növbəti mövsümdə İngiltərə Premyer Liqasında iştirak hüququ qazanıb.
Ceymi Vardi “Şeffild Uensdey”in yetirməsidir. Hücumçu karyerası ərzində “Stoksbric Park Stilz”, “Halifaks Taun” və “Flitvud Taun”da çıxış edib. “Lester Siti” Vardini 2012-ci ilin iyulunda 1,24 milyon avro məbləğ müqabilində “Flitvud Taun”dan heyətinə qatıb.
Geridə qalmış 2023/2024 mövsümündə Vardi “tülkülər”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 20 qol vurub, 2 məhsuldar ötürmə verib. Veteran kapitanın “Lester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi belədir: 464 oyun, 190 qol, 66 məhsuldar ötürmə.
Vardi 2015-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 26 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Ceymi Vardinin qənimətlər muzeyində “tülkülər”lə qazandığı İngiltərə Premyer Liqasında çempionluq (2015/2016), İngiltərə Kuboku (2021), İngiltərə Super Kuboku (2021/2022), həmçinin İngiltərə Çempionşipində qalibiyyət (2013/2014, 2023/2024) var. Həmçinin Vardi Premyer Liqanın 2015/2016 mövsümünün ən yaxşı oyunçusu seçilib, 2016-cı ildə isə İngiltərədə ilin oyunçusu elan edilib. 2019/2020 mövsümündə isə Ceymi Vardi 23 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.


