UEFA “Barselona”nın mərkəz yarımmüdafiəçi Frenki de Yonqun zədələnməsinə görə Kataloniya klubuna 50 min avro məbləğində təzminat ödəyəcək.
Arena.az xatırladır ki, niderlandlı futbolçu zədələndiyi üçün qarşıdakı 2024-cü il Avropa çempionatında iştirak etməyəcək.
Bu arada, “Mundo Deportivo” nəşri məlumat verib ki, De Yonqu cərrahi müdaxilə gözləyir.
Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi cari ilin aprel ayının sonlarında topuğundan zədə almış və futbolçunun klub mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı məlum olmuşdu. Bununla belə, mayın 29-da Niderland yığmasının mətbuat xidməti Frenki de Yonqun da yer aldığı, 2024-cü il Avropa çempionatı üçün yığmanın yekun heyətini açıqlamışdı. Göründüyü kimi, De Yonq “zanbaqlar”ın düşərgəsini tərk etməli olub.
Vurğulanır ki, cərrahi müdaxilədən sonra De Yonqun yaşıl meydanlara qayıtması üçün müəyyən müddət və həmçinin bərpa mərhələləri gərək olacaq. Bu müddətin isə bir aya sığmayacağı bildirilib, hətta Niderland yığması AÇ-2024-ün finalına vəsiqə qazansa belə, De Yonq bu müddətə sıraya qayıda bilməyəcək.
Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək.
Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyulunda “Barselona” 86 milyon avro məbləğ müqabilində Frenki de Yonqu “blauqra”nanın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə De Yonq “Barselona”nın heyətində bütü yarışlarda 30 oyuna çıxıb, 2 qol vurub. De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 213 oyun, 17 qol, 21 məhsuldar ötürmə.
Frenki de Yonq 2018-ci ilin sentyabrında debüt etdiyi Niderland yığmasının heyətində 54 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


