Futbol üzrə İtaliya milli komandasının və “Bolonya” klubunun mərkəz müdafiəçisi Rikkardo Kalafyori bu yay satılmayacaq.
Arena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi digər komandaların da marağından xəbərdardır.
“Yuventus”, “Bayer”, “Çelsi”, Madrid “Atletiko”su və “Bayern” Kalafyorinin “elçiləri”dir. Amma “Bolonya”nın baş direktoru Klaudio Fenuççi bildirib ki, Kalafyorini satmaq fikirləri yoxdur:
“Biz artıq demişik ki, hazırkı heyətin əksəriyyətini təsdiq etmək niyyətindəyik. Artıq Kalafyorinin agentinə də futbolçunu itirmək fikrində olmadığımızı demişik”.
Xatırladaq ki, Rikkardo Kalafyori 2023-cü ilin avqust ayından “Bolonya”da çıxış edir. 22 yaşlı müdafiəçi bu komandanın heyətində keçirdiyi 33 oyunda 2 qol vurub, 5 assist müəllifi olub. “Roma”nın yetirməsi olan futbolçu “Bazel” və “Cenoa” kimi klubların da formasını geyinib.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Kalafyori bu ildən əsas millidə forma geyinir. Rikkardo əsas millidə 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


