38 yaşlı ispan veteran mərkəz müdafiəçisi Serxio Ramos müqaviləsinin müddəti başa çatdığı üçün “Sevilya”dan ayrılıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir:
“Sevilya” Serxio Ramosa bu mövsüm ərzində göstərdiyi fədakarlıq, liderlik və mütləq öhdəliyinə görə təşəkkür edir və ona növbəti peşəkar çağırışında uğurlar arzulayır”, – Əndəlüs klubunun mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, veteran Ramos 2023-cü ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. Müdafiəçi doğma klubu “Sevilya”ya qayıdışı üçün maaşında ciddi azalmaya belə, razılaşmış və “Sevilya” ilə müddəti 2023/2024-cü illər mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə isə Ramos “Sevilya”nın heyətində bütün yarışlarda 37 oyuna 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Ramos “Sevilya”nın öz yetirməsidir. O, bu klubun heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 50 oyun keçirib, 3 qol vurub. Veteran müdafiəçinin Əndəlüs klubunun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 87 oyun, 10 qol, 1 məhsuldar ötürmə.
Təcrübəli futbolçu 18 ildən sonra doğma klubuna qayıtmışdı. Müdafiəçi 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçmişdi. Ramos karyerasının ən məhsuldar dövrünü “Real”da keçirib. İspan müdafiəçi 2015-2021-ci illərdə “Real”ın kapitanı olub. Ramos “kral klubu” ilə 5 dəfə İspaniya La Liqasını, 2 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu, 4 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
2021-2023-cü illər aralığında Ramos PSJ-nin heyətində 58 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. İspan müdafiəçi parislilərlə 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022/2023) qazanıb.
Serxio Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.