Xorvatiya və Albaniya yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
Bu gün qrup mərhələsində 2-ci tura start verilib. 6-cı oyun gününün ilk matçında Xorvatiya və Albaniya yığmaları üz-üzə gəliblər. Hamburq şəhərində keçirilən matç məhsuldar heç-heçə ilə yekunlaşıb.
Oyunda hesabı 11-ci dəqiqədə albanlardan Kazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç “status-kvo”nu bərpa edib. 2 dəqiqə sonra Klaus Qyasula avtoqol müəllifi olaraq xorvatları hesabda önə çıxarıb. Qyasula 90+5-ci dəqiqədə daha bir qol vurub. Bu dəfə rəqib qapısına yol tapan yarımmüdafiəçi komandasının bərabərlik qoluna imza atıb.
Xatırladaq ki, xorvatlar B qrupunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olmuşdular.
Bu qrupun digər oyunu sabah İtaliya və İspaniya yığmaları arasında baş tutacaq.
AÇ-2024
B qrupu
19 iyun
Xorvatiya – Albaniya 2:2
Qollar: Andrey Kramariç, 74. Klaus Qyasula, 76-öz qapısına – Kazim Laçi, 11. Klaus Qyasula, 90+5.
Baş hakim: Fransua Leteksye (Fransa).
Hamburq. “Volksparkstadion”.


