Andrey Lunin: “Real”da qalmaq istərdim, amma…”

İspaniya çempionu “Real”ın və Ukrayna yığmasının qapıçısı Andrey Lunin Madrid təmsilçisində qalmaq istəyi ilə bağlı sualı cavablayıb.

Arena.az Luninin bu barədə cavabını təqdim edir:

“Real”da qalmaq istəyirəmmi? Mən indi yığma komandamın yanındayam, bütün diqqətimi yüz faiz ona yönəltmişəm. Onun xaricində baş verən hər şey üçün artıq, agentim var. Amma həyatda heç vaxt heç nəyi dəqiq bilmirsən. Amma təbii ki, bəli, “Real”da qalmaq istərdim”, deyə Lunin vurğulayıb.

Andrey Luninin həyat yoldaşı Anastasiya Lunina isə ərinin İspaniyanı tərk etməli olacağı təqdirdə ona dəstək olacağını bildirib.

Anastasiya xanımın bu barədə fikirlərini təqdim edirik:

“Biz İspaniyanı çox sevirik, buradakı insanlar çox mehriban, çox qonaqpərvərdirlər. Burada özümüzü çox rahat hiss edirik.

Amma ərim bu ölkəni tərk etməli olsa, təbii ki, mən onu dəstəkləyəcəm və biz getməli olduğumuz yerə gedəcəyik”, deyə xanım vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Luninlə “Yuventus”, “Arsenal” və Madrid “Atletiko”sunun maraqlandığı bildirilirdi.

Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. O, karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə Lunin “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb, 12 oyundan “quru” çıxıb. Onun “Real” karyerası bütövlükdə 48 oyun, 51 buraxılmış qol və 16 “quru” matçdan ibarətdir.

Luninin qənimətlər muzeyində olan bütün kuboklar ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: