“İnter Mayami”nin hücumçusu, “Barselona”nın sabiq üzvü Lionel Messi oyunlar zamanı ən çox əsəbiləşdiyi futbolçunun adını açıqlayıb.
Arena.az Messinin bu barədə açıqlamasını təqdim edir:
“Serxio Ramosla çox döyüşmüşük. Ən çox əsəbiləşdiyim futbolçu idi. Bundan sonra komanda yoldaşı olduq, amma “el klasiko”da həmişə döyüşürdük. “El klasiko” çox gərgin keçirdi”, deyə “Leo” xatırlayıb.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Messi “İnter Mayami”dən öncə Fransada PSJ, İspaniyada isə “Barselona” klublarının formasını geyinib.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 182 oyun keçirib, 108 qol vurub və 57 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


