Futbol üzrə Gürcüstan və Çexiya yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
9-cu oyun gününün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər. Hamburq şəhərində keçirilən matçda qalib müəyyənləşməyib.
Oyunda hesabə gürcülər açıblar. Georgi Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. Çexlər buraxılmış qolun əvəzini ikinci hissədə çıxıblar. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.
Bu qrupun digər oyunu Portuqaliya və Türkiyə yığmaları arasında keçiriləcək. Dortmund şəhərinin ev sahibliyi etdiyi bu qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Xatırladaq ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzmuşdu.
Qrup mərhələsində 2 turdan sonra hələlik yalnız Almaniya və İspaniya yığmaları 1/8 finala erkən vəsiqə qazanıblar.
AÇ-2024
F qrupu
22 iyun
Gürcüstan – Çexiya 1:1
Qollar: Georgi Mikautadze, 45+4-pen – Patrik Şik, 59.
Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq. “Volksparkstadion”.
Xal: Türkiyə – 3. Portuqaliya – 3. Çexiya – 1. Gürcüstan – 1.


