17 yaşlılardan ibarət yunan-Roma güləşi Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə bu gün yekun vurulub.
Millimiz möhtəşəm çıxış edərək daha bir tarixi nəticəyə imza atıb.
Novi Sada böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yollanan komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.
Azərbaycan millisi 183 xalla komanda hesabında Avropa çempionu olub. Yığmamız 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.
Beləliklə, yunan-Roma güləşi üzrə U-17 yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.
Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.
Xatırladaq ki, millimizin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olublar. Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş medalla kifayətləniblər. Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb.



