Naço Fernandes “Real”ı bu kluba dəyişdi – Rəsmi

Bir neçə gün öncə İspaniya çempionu “Real”dan ayrılan ispan müdafiəçi Naço Fernandes özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubunda forma geyinəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. Naço “Real”dan azad agent kimi ayrıldığı üçün “Əl-Qadisiya”nı artıq xərcə salmayıb.

Xatırladaq ki, Naço Fernandes “Real”ın futbol akademiyasının yetirməsidir. O, bütün karyerasını Madrid klubuna həsr edib.

2007-ci ildə “qaymaqlılar”ın düşərgəsinə daxil olmuş Naço 2012-ci ilin sentyabrında “Real”ın əsas komandasına keçirilib.

Ümumilikdə Naço “Real”ın heyətində 364 oyuna çıxıb, 16 qol, 10 məhsudlar ötürmə ilə fərqlənib.

Naço Fernandes “Real”la bütün ali futbol qənimətlərini qazanıb. O, xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriçlə birlikdə 26 qənimətlə “Real” tarixinin ən zəngin oyunçusudur.

Naço Fernanses 2013-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 26 oyuna çıxıb, 1 qol vurub və 1 məhsudlar ötürmə verib. Naço “qırmızı qəzəb”lə 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan müdafiəçinin trasnfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: