“Espanyol”un icarə əsasında “Real”da çıxış edən mərkəz hücumçusu Xoselu bundan sonrakı karyerasını Qətərdə davam etdirəcək.
Arena.az xəbər verir ki, ispan futbolçu Qətərin “Əl-Qarafa” klubuna keçib.
Bu barədə Qətər təmsilçisinin rəsmi saytı məlumat yayıb. Maraqlıdır ki, “Əl-Qarafa” Xoselunu birbaşa “Espanyol”dan yox, elə “Real”dan transfer edib. Madrid klubu ötən mövsüm icarəyə götürdüyü oyunçunun transfer hüquqlarını almaq üçün “Espanyol”a 1,5 milyon avro ödəyib. Amma İspaniya çempionu Xoselunu eyni qiymətə də “Əl-Qarafa”ya satıb.
34 yaşlı hücumçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb. İspan futbolçu 2026-cı ilin 30 iyununa qədər Qətərdə çıxış edəcək.
Xatırladaq ki, Xoselu 2023-cü ilin iyulunda icarə əsasında “Espanyol”dan “Real”a keçmişdi. Geridə qalmış 2023/2024 mövsümündə ispan hücumçu “Real”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 3 məhsuldar ötürmə verib.
Xoselunun qənimətlər muzeyində klub səviyyəsində “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı 3 qənimət var: İspaniya La Liqası, İspaniya Super Kuboku və Çempionlar Liqası.
İspaniyalı futbolçu karyerası ərzində “Alaves”, “Nyukasl”, “Hannover”, “Ayntraxt” (Frankfurt), “Selta”, “Stok Siti”, “Hoffenhaym”, “Deportivo” kimi klublarda da forma geyinib.
Xoselu 2023-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 12 oyuna 5 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Hücumçu 2023-cü ildə UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


