Vitinya və Ekuban “Cenoa”da qaldılar

Marsel “Olimpik”inin portuqal hücumçusu Vitinya (Vitor Manuel Karvalyo Oliveyra) Fransa klubunu birdəfəlik “Cenoa”ya dəyişib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Genuya təmsilçisi bu transfer üçün 16 milyon avrosundan keçib. 24 yaşlı hücumçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, “Cenoa” Vitinyanı bu ilin yanvar ayında Marsel “Olimpik”indən satınalma şərti ilə icarəyə götürmüşdü. O, İtaliya klubunun heyətində 9 oyuna çıxıb, 2 qola imza atıb.

Vitinya Fransa klubuna 2023-cü ilin yanvarında Portuqaliya “Braqa”sından 32 milyon avro qarşılığında keçmişdi. O, Marsel təmsilçisinin heyətində 43 matça çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Portuqaliyanın U-18 və U-21 yığmalarında oynamış Vitinyaya əsas millidə debüt etmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Cenoa” qanalı hücumçusu Kaleb Ekubanla da yeni müqavilə imzalandığını açıqlayıb. Amma tərəflər arasındakı sözləşmənin müddəti və digər detalları barədə məlumat verilməyib. Onun əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi.

Kaleb Ekuban 2021-ci ildən “Cenoa”da forma geyinir. 30 yaşlı forvard bu komandanın heyətində 78 oyuna çıxıb, 8 qol və 7 assistlə yadda qalıb. O, daha öncə “Trabzonspor”, “Lumessane”, “Partizani”, “Renate”, “Lids”, “Südtirol” və “Kyevo” kimi klublarda da forma geyinib.

2019-cu ilin mart ayında Qana yığmasında debüt etmiş Ekuban, millidə 13 oyuna 3 qol vurub.

“Transfermarkt” internet-portalı 30 yaşlı forvardın transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: