Ali Sou Türkiyədə klubunu dəyişdi

Rusiyanın “Rostov” klubunun qambiyalı hücumçusu Ali Sou daha bir mövsüm Türkiyə Super Liqasında mübarizə aparacaq.

Arena.az xəbər verir ki, son iki mövsümü “Ankaragücü” klubunda icarədə keçirmiş 30 yaşlı forvard qarşıdakı mövsümdə “Rizəspor”un uğurları üçün çalışacaq.

Bu barədə Rizə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sou bir illik (2025-ci ilin 30 iyununa qədər) icarəyə götürülüb.

Xatırladaq ki, qambiyalı forvardın “Rostov”la müqaviləsinin də müddəti 2025-ci ilin 30 iyununa qədərdir.

Ali Sou “Rostov”a 2021-ci ilin yayında qoşulsa da, bu komandada cəmi bir mövsüm keçirib. O, Rusiya klubunun heyətində 31 oyuna çıxıb, 7 qol və 1 assistlə yadda qalıb.

2022-ci ilin iyulundan “Ankaragücü” klubunun formasını geyinən hücumçu Super Liqa təmsilçisində 66 oyuna çıxıb, 22 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Qambiya yığmasında 10 oyun keçirmiş futbolçu karyerası ərzində ÇSKA (Sofiya), “Skenderbeu”, “Juve Stabia”, “Viboneze”, “Prato”, “Latina”, “Peskara”, “Leççe”, “Modena” və “Kyevo” kimi klublarda da forma geyinib.

“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 1,7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: