Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ün 1/4 finalında İspaniya yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Ümidvaram ki, hazırlığımız tamamlanıb. Biz əsas heyətdə kimin meydana çıxacağına qərar vermişik. Dünən çoxlu fərdi söhbətlər aprmışıq, çoxlu videolara baxmışıq. Biz yaxşı hazırlaşmışıq və əla oyun göstərə biləcəyimizə əminik”, deyə Nagelsman vurğulayıb.
Alman mütəxəssis İspaniya yığmasını və onun yeniyetmə ulduzu Lamin Yamalı da qiymətləndirib:
“İspaniya təcil qazanmaq və topu yüksək qəbul etmək üçün həmişə yüksək təzyiq göstərməyə çalışır. Bu, onların nail ola bildiyi keyfiyyətdir, bu, artıq sadəcə tiki-taka (ispan futbolu taktikası – qısa ötürmələrə və topla meydanın müxtəlif sahələrində hərəkəti, eləcə də topa daim sahib olmağı ehtiva edir – redaktorun qeydi) deyil.
Bizim, topa çox sahib olduğumuz zaman, rəqibin müdafiəsinə çox yaxşı yanaşmalarımız var. Amma 90 dəqiqə ərzində bunu edə bilməyəcəyik. Elə vaxtlar olacaq ki, biz hücum edəcəyik və onların həyatını qaraldacağıq.
Yamal – böyük istedaddır. O, keçən mövsüm sabit idi, bu, onun yaşında çox az kəslərin qadir olduğu məqamdır, amma indi, onun qarşısında bu səviyyəni uzun illər ərzində qorumaq tapşırığı var. O, təkbətəkdə çox yaxşıdır. Ona qarşı müdafiə olunmaq çətindir, çünki o, gözlənilməzdir: mərkəzə keçə bilər və ya cinahlara daşına bilər və hər iki ayağına yaxşıca sahiblik edə bilir”, – “Barça Universal” dərgisi Nagelsmandan sitat gətirir.
Xatırladaq ki, AÇ-2024-ün 1/4 final mərhələsinin İspaniya – Almaniya oyunu bu gün, iyulun 5-də Ştutqartın “Mersedes-Bents Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.


