Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş Amerika Kubokunda yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu finalçının adına bu gün keçirilmiş Uruqvay – Kolumbiya matçında aydınlıq gəlib.
Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən oyun kolumbiyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu ilk hissənin sonunda İngiltərənin “Kristal Pelas” komandasının yarımmüdafiəçisi, 30 yaşlı Cefferson Lerma vurub. Birinci hissəyə əlavə edilmiş vaxtda isə “Kristal Pelas”ın başqa bir oyunçusu Daniel Munyos ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Matçın favoriti sayılan uruqvaylıların təzyiqinə baxmayaraq, oyunda hesab dəyişməyib. Beləliklə, Kolumbiya yığması Amerika Kubokunda həlledici oyuna vəsiqə qazanıb. Bu komandanın finaldakl rəqibi Argentina yığması olacaq.
Gərgin keçən oyundan sonra uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında əlbəyaxa dava düşüb. Tribunaya qalxaraq davada iştirak etmiş futbolçular arasında “Liverpul”un hücumçusu Darvin Nunyes və “Barselona”nın müdafiəçisi Ronald Arauxo olub. Çaxnaşmada azarkeşlərdən birinin Nunyesin başına zərbə endirdiyi görünür.
“El Observador” nəşrinə qarşıdurmanın səbəblərini açıqlayan Uruqvay millisinin müdafiəçisi Xose Ximenes bunun futbolçuların ailələrinin təhlükə altında olması ilə əlaqələndirib:
“Kolumbiyalı azarkeşlər bütün ailələrimizə təhlükə yaratdılar və mikrofonla danışmağa imkan vermədilər. Bu fəlakətdir, ailələrimiz təhlükə altında idi. Yeni doğulmuş balaca uşaqları olan əzizlərimizi götürmək üçün tribunalara qalxmalı olduq. Bir dənə də olsun polis yox idi, onlar yarım saatdan sonra getdilər, biz isə özümüzküləri qoruyurduq. Hər oyunda ailələrimiz içməyi bacarmayan iki-üç nəfərin ucbatından əziyyət çəkir”.
Amerika Kuboku
Yarımfinal
11 iyul
Uruqvay – Kolumbiya 0:1
Qol: Cefferson Lerma


