Siyasət Əsgərov: “Daha bir tarix yazmaq istəyirik”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Macarıstanla oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyulun 12-də Bakıda Macarıstan yığması ilə üz-üzə gələcək.

Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında bu matçdan gözləntilərini dilə gətirib:

“Sabah çox vacib oyuna çıxacağıq. Bundan öncə bir dəfə tarix yazmışıq. Pley-off mərhələsinə vəsiqə qazanaraq, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirik. Məqsədimiz bunu reallaşdırmaqdır. Rəqibin çox keyfiyyətli futbolçulardan təşkil olunduğunu bilirik. Hazırlığımızı da buna uyğun görürük. Təəssüf ki, iki oyunçumuz – Manə Mollayeva və Peritan Bozdağ cəzalı duruma düşdükləri üçün bu matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda Aysun Seydiyevanın əməliyyat olunması planlarımıza təsir etdi. Buna baxmayaraq, milliyə çağırılan futbolçular komanda yoldaşlarının boşluqlarını dolduracaq gücdədirlər. Öz meydanımızda keçirəcəyimiz qarşılaşmada qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, B Liqasının 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan – Macarıstan görüşü sabah Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Millimiz seçmə mərhələnin son turunda iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: