“Napoli” heyətini iki yeni futbolçu – mərkəz müdafiəçisi Rafa Marin və sol cinah müdafiəçisi Leonardo Spinatsola ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bu yay “Roma”dan azad agent kimi ayrılmış Spinatsola Neapol klubu ilə 2 illik müqavilə bağlayıb.
Leonardo Spinatsola “Roma”ya 2019-cu ilin iyul ayında 29,5 milyon avro qarşılığından “Yuventus”dan keçmişdi. 31 yaşlı sol cinah müdafiəçisi paytaxt klubunun heyətində 151 matça çıxıb. O, bu oyunlarda 7 qol vurub, 21 məhsuldar ötürmə verib.
Spinatsola karyerası ərzində “Atalanta”, “Peruca”, “Syena”, “Yuventus”, “Viçentsa”, “Empoli”, “Virtus Lansano” kimi klubların da formasını geyinib. O, 2017-ci ilin mart ayında debüt etdiyi İtaliya yığmasının heyətində 24 matça çıxıb, 6 assist müəllifi olub.
Rafa Marin isə “Napoli”yə İspaniya nəhəngi “Real”dan 12 milyon avro qarşılığında gəlib. 22 yaşlı ispan futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə imzalanıb.
Marin “Sevilya” və “Real” klublarının yetirməsidir. Müdafiəçi Madrid klubunun aşağı yaş qrupları üzrə müxtəlif komandalarında, hətta əvəzedicilərində oynasa da, əsas komandada debüt şansı qazanmayıb. Ötən mövsümü isə o, “Alaves”də icarədə keçirib. Rafa İspaniyanın U-17, U-18 və U-21 yığmalarında da oynayıb.
“Napoli” üç futbolçusu ilə də yollarını ayırıb. Daha doğrusu, sağ cinah müdafiəçisi Alessandro Zanoli “Cenoa”ya, hücumçu Lorentso Sqarbi “Bari”yə icarəyə verilib. Onların hər ikisinin icarə müddəti bir ildir. Amma “Cenoa” Zanolini satınalma şərti ilə heyətinə qatıb.
“Napoli”nin dayaq yarımmüdafiəçisi Dieqo Demme isə İtaliya klubundan birdəfəlik ayrılaraq “Herta”ya keçib. Azad agent statusuna malik 32 yaşlı futbolçu Almaniya klubu ilə 2 illik sözləşmə imzalayıb.


