Entso Le Fe “Roma”da – Rəsmi

Fransanın “Renn” klubunun mərkəz yarımmüdafiəçisi Entso Le Fe bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Canavarlar” 23 milyon avro qarşılığında Entsonu heyətə cəlb ediblər. Fransalı yarımmüdafiəçi ilə 5 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Entso Le Fe Fransanın “Loryan” klubunun yetirməsidir. O, “Renn”ə ötən ilin yayında 20 milyon avro qarşılığında keçmişdi. Yarımmüdafiəçi geridə qalmış 2023/2024 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol ötürməsi edib. Onun “Loryan” karyerası isə 142 oyun, 8 qol və 15 məhsuldar ötürmədən ibarətdir.

Le Fe Fransanın U-20, U-21, U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, “Roma” gənc futbolçusu Luici Kerubini ilə də yeni müqavilə bağlayıb. 20 yaşlı italyan futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilin 30 iyununa qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

“Roma”nın əzəli rəqibi “Latsio”nun futbol akademiyasından da keçmiş Luici Kerubini “canavarlar”ın əsas komandasında cəmi 1 matç keçirib. O, İtaliyanın U-18 və U-20 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: