İtaliyanın “Atalanta” klubunun hücumçusu Nikolo Kambyaqi bundan sonra A Seriyasının digər təmsilçisi “Bolonya”da çıxış edəcək.
Arena.az bu barədə “Bolonya”nın rəsmi saytına istinadən xəbər verir.
Sözügedən klub “Atalanta”ya 10 milyon avro ödəməklə 23 yaşlı futbolçunun transfer hüquqlarını alıb. İtaliyalı hücumçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Nikolo Kambyaqi “Atalanta”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında heç bir rəsmi oyun keçirməyib. Belə ki, italyan hücumçu daha çox “Recana”, “Pordenone” və “Empoli” kimi klublarda icarədə oynayıb. İtaliyanın U-21 yığmasının sabiq üzvünə əsas millidə debüt etmək qismət olmayıb.
“Atalanta” iki futbolçusunu da icarəyə verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, Corco Çittadini “Frozinone”yə, Andrea Oliveri isə “Bari”yə icarəyə verilib. Onların hər ikisi qarşıdakı mövsümün sonuna (2025-ci ilin 30 iyununa) qədər icarədə çıxış edəcəklər.
Corco Çittadini “Atalanta”nın yetirməsidir. 22 yaşlı mərkəz müdafiəçisi bu klubun əsas komandasında 3 oyun keçirib. İtaliyalı futbolçu daha öncə “Modena”, “Montsa” və “Cenoa”da da icarədə olub. O, İtaliyanın U-18, U-20 və U-21 yığmalarında da oynayıb.
Andrea Oliveri də “Atalanta”nın futbol akademiyasından çıxıb. 21 yaşlı sağ cinah yarımmüdafiəçisi klubun əsas komandasında debüt etməyib. O, daha öncə 2022/2023 mövsümündə də “Frozinone”də icarədə olub. Ötən il gənc oyunçu “Katanzaro”da da icarə əsasında çıxış edib. Oliveri İtaliyanın U-15, U-16 və U-17 yığmalarında da forma geyinib.


