Madrid “Real”ının və İspaniya yığmasının müdafiəçisi Daniel Karvaxal futbolçu karyerasında müstəsna nailiyyətə imza atıb.
Arena.az xəbər verir ki, Karvaxal cari ildə “Real”la İspaniya La Liqasını, İspaniya Super Kubokunu, UEFA Çempionlar Liqasını və İspaniya yığması ilə Avropa çempionatını qazanıb.
Xatırladaq ki, dünən, iyulun 14-də İspaniya millisi AÇ-2024-ün final oyununda İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək, 4-cü dəfə Avropa çempionatının qalibi olub.
Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. O, tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə Karvaxal “Real”ın heyətində bütün yarışlarda 41 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Karvaxalın “Real” karyerası bütövlükdə 416 oyun, 13 qol və 64 məhsuldar ötürmədən ibarətdir.
Daniel “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 49 oyuna çıxıb. O bu oyunlarda 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


