Rafael van der Vart Deklan Raysı sərt tənqid etdi

“Tottenhem”in sabiq yarımmüdafiəçisi Rafael van der Vart İngiltərə millisinin üzvü Deklan Raysı AÇ-2024-dəki çıxışına görə tənqid edib.

Arena.az niderlandlı keçmiş futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Deklan Rays müqabilində 100 milyon avro. O nə iş görür ki? O, topu yalnız Con Stounza qaytarmaq üçün qazanır. O, yararsızdır. Əgər həqiqətən də 100 milyon avro məbləğ dəyərindəsənsə, topu irəli aparmağı bacarmalısan”, deyə Rafael van der Vart fikrini əsaslandırıb.

Qeyd edək ki, Deklan Rayslı İngiltərə millisi AÇ-2024-ün finalında İspaniya yığmasına 1:2 hesabıyla uduzaraq gümüş medallarla kifayətlənib. Deklan bu Avropa çempionatında İngiltərə millisinin keçirdiyi 7 oyunun hamısında əvvəldən sonadək meydanda olub, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xatırladaq ki, Deklan Rays “Arsenal”a 2023-cü ilin iyulunda “Vest Hem”dən 116,6 milyon avro müqabilində keçib. İngilis “dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Rays “Arsenal”ın heyətində 51 oyuna çıxıb və 7 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

25 yaşlı Deklan Rays “Çelsi”nin yetirməsi olsa da, 14 yaşından “Vest Hem”də çıxış edib. Ümumilikdə Rays “Vest Hem”in heyətində 245 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, “çəkicdöyənlər”lə Avropa Konfrans Liqasının qalibi olub.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 58 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı Deklan Raysı 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: