İngiltərənin “Mançester Yunayted” klubunun mərkəz müdafiəçisi Villi Kambvala bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
La Liqa təmsilçisi bu transfer üçün “qırmızı şeytanlar”a 10 milyon avro ödəyib. 19 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Villi Kambvala Fransanın “Soşo” klubunun yetirməsidir. “Mançester Yunayted” onu 2020-ci ilin oktyabr ayında 4 milyon avro qarşılığında heyətinə qatmışdı. Əslən Konqodan olan müdafiəçi İngiltərə nəhənginin əsas komandasında cəmi 10 oyuna çıxıb.
38 yaşlı Raul Albiolla yeni müqavilə
“Vilyarreal” kapitanı Raul Albiolla da yeni müqavilə bağlayıb. 38 yaşlı mərkəz müdafiəçisinin yeni sözləşməsinin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti ötən mövsümün sonunda başa çatmışdı.
Xatırladaq ki, Raul Albiol 2019-cu ilin iyul ayından “Vilyarreal”da çıxış edir. İspaniyalı oyunçu bu komandanın heyətində meydana çıxdığı 185 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Albiol daha əvvəl ölkəsində “Real”, “Xetafe” və “Valensiya” kimi klubların da formasını geyinib. Təcrübəli müdafiəçi İtaliyada “Napoli”nin də uğurları üçün çalışıb.
Raul İspaniya millisində 58 oyun keçirib, 2 assistlə yadda qalıb.
Bertrand Traore və Alberto Moreno “Vilyarreal”ı tərk etdilər
“Vilyarreal” sağ vingeri Bertrand Traore ilə də yollarını ayırıb. Burkina Fasodan olan 28 yaşlı futbolçu azad agent kimi Niderland nəhəngi “Ayaks”a keçib. O, yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Bertrand Traore “Vilyarreal”a bu ilin fevral ayında “Aston Villa”dan azad agent kimi keçmişdi. O, La Liqa təmsilçisinin heyətində cəmi 11 oyuna çıxıb və 1 qola imza atıb.
Traore daha öncə də “Ayaks”da çıxış edib. O, 2016/2017 mövsümündə Amsterdam təmsilçisində icarə əsasında 39 oyuna çıxıb, 13 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Bertrand “Olimpik” (Lion), “Aston Villa”, “Vitess”, “Başakşəhər”, “Çelsi” kimi klubların da şərəfini qoruyub.
Traore 2011-ci ilin sentyabr ayında debüt etdiyi Burkina Faso yığmasının heyətində 78 oyun keçirib. O, bu oyunlarda 20 qol vurub, 9 məhsuldar ötürmə verib.
Sol cinah müdafiəçisi Alberto Moreno da “Vilyarreal”ı tərk edib. O, bu komandadan azad agent kimi ayrılıb və hələ karyerasını harada davam etdirəcəyi bilinmir.
Alberto Moreno “Sevilya”nın yetirməsidir. İngiltərədə “Liverpul”un da formasını geyinmiş 32 yaşlı müdafiəçi 2019-cu ildən “Vilyarreal”ın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 124 oyuna 8 qol vurub, 9 assistlə yadda qalıb.
Moreno İspaniya yığmasının heyətində 4 oyun keçirib.


