Cud Bellingem növbəti mövsümün əvvəlini buraxa bilər

Madrid “Real”ının ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem növbəti, 2024/2025-ci illər mövsümünün əvvəlini buraxa bilər.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Mənbənini məlumatına görə, buna səbəb ingilis futbolçunun hələ ötən mövsüm aldığı çiyin zədəsidir ki, bu da belə görünür, cərrahi müdaxilə tələb edir.

“Kral klubu”nun rəhbərliyi də ingilis yarımmüdafiəçinin “qaymaqlılar”ın vacib oyunlarını qaçırmamaq və AÇ2024-ə getmək üçün son mövsümdə qaçdığı cərrahi müdaxiləyə ehtiyac duyacağını başa düşür. Bellingemin cərrahi əməliyyatdan sonra bərpa dövrünün iki aydan üç aya qədər davam edəcəyi vurğulanır.

Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. Artıq geridə qalmış 2023/2024 mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb. O, bu oyunlarda 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Bellingem elə ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024) və UEFA Çempionlar Liqasının (2023/2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: