Azərbaycanı Rumıniyada keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsində 3 idmançı təmsil edəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sabah Rumıniyanın Timişoara şəhərində Dünya Seriyasının növbəti mərhələsinə start veriləcək.
İki gün davam edəcək yarışda 3 idmançımız mübarizə aparacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil edəcəklər.
Görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Sabah qrup mərhələsinin qarşılaşmaları keçiriləcək. Medallar uğrunda həlledici görüşlər isə iyulun 21-də baş tutacaq.
Xatırladaq ki, çimərlik güləşi üzrə Dünya Seriyasının cari mövsümünün ilk mərhələsi bu ilin martında Meksikada təşkil edilsə də, Azərbaycan güləşçiləri həmin yarışa qatılmayıblar.
Fransanın San Loren Dü-Var şəhərində keçirilmiş Dünya Seriyasının 2024-cü il mövsümümün ikinci mərhələsi isə millimizin üzvlərindən İbrahim Yusubov üçün uğurlu alınıb. O, bu yarışda 2-ci yeri tutub.


