Xuan Kabal “Yuventus”da – 12,8 milyonluq transfer

İtaliyanın “Verona” klubunun sol cinah müdafiəçisi Xuan Kabal bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Yuventus” bu transfer üçün qarşı tərəfə 12,8 milyon avro ödəyib. 23 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Xuan Kabal Kolumbiyanın “Atletiko Nasyonal” klubunun yetirməsidir. O, “Verona”ya 2022-ci ilin avqust ayında məhz bu klubdan 3,5 milyon avro qarşılığında keçmişdi. Müdafiəçi geridə qalmış iki mövsüm ərzində A Seriyası klubunun heyətində cəmi 34 oyuna çıxıb. Kolumbiyanın U-18 yığmasında 1 oyun keçirmiş Kabala sonralar ehtiyac duyulmayıb.

“Verona” fransalı hücumçusu Toma Anrini də “Palermo”ya icarəyə verib. “Palermo” 29 yaşlı forvardı satınalma şərti ilə gələn mövsümün sonuna kimi icarəyə götürüb. Klub bir mövsümlük icarə üçün “Verona”ya 200 min avro ödəyib.

2022-ci ilin iyul ayında “Venesiya”dan 5,23 milyon avro qarşılığında “Verona”ya keçmiş Toma Anri bu klubun heyətində 36 oyuna 5 qol vurub, 2 assistlə yadda qalıb. O, “Leuven”, “Şambli”, “Venesiya”, “Tubize”, “Nant”, “Bove” kimi klubların da formasını geyinib.

“Verona” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub Danimarka təmsilçisi “Nordsyelland”ın sol cinah müdafiəçisi Martin Freseni heyətinə qatıb. Azad agent statusu daşıyan 26 yaşlı danimarkalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Nordsyelland”ın yetirməsi olan və indiyə qədər yalnız bu klubun uğurları üçün çalışmış müdafiəçi əsas komandada 131 oyuna çıxıb. O, bu oyunlarda 13 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: