“Bayern”in idman direktoru Maks Eberl Münhen komandasının yarımmüdafiəçisi Yozua Kimmixin gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az klub rəsmisinin bu barədə cavabını təqdim edir:
“Biz təkliflərə açığıq. Yozuanın müqaviləsinin bitməsinə 1 il qalıb. Razılaşdıq ki, məzuniyyətdən sonra onunla danışaq”, deyə Maks Eberl açıqlayıb.
Xatırladaq ki, Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro müqabilində “Ştutqart”dan keçib. Onun Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Kimmix münhenlilərin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib. Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 390 oyun, 42 qol, 104 məhsuldar ötürmə.
Kimmix “Bayern”in heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 91 oyuna 6 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


