Amat Ndiaye “Malyorka”nı “Valyadolid”ə dəyişdi

Futbol üzrə Seneqal yığmasının və “Malyorka”nın sol vingeri Amat Ndiaye bu klubdan birdəfəlik ayrılaraq “Real Valyadolid”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Real Valyadolid” bu transfer üçün 2 milyon avrosundan keçib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Amat Ndiaye ötən mövsümün ikinci dövrəsini məhz “Valyadolid”də keçirib. O, bu komandanın heyətində 9 oyuna çıxıb, 5 qol və 2 assistlə yadda qalıb. “Malyorka”da 102 oyuna 11 qol və 3 məhsuldar ötürmə müəllifi olmuş vinger, karyerası ərzində “Xetafe” və “Tenerife” kimi klubların da şərəfini qoruyub. O, Seneqal yığmasında da 4 oyun keçirib.

“Real Valyadolid” “Valensiya”nın və İsveçrə yığmasının mərkəz müdafiəçisi Eray Cömerti də heyətinə qatıb. Klub onu qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

Eray Cömert 2022-ci ilin yanvarından formasını geyindiyi “Valensiya”da çıxış edir. O, La Liqa təmsilçisinin heyətində 34 oyuna çıxıb, 1 qol vurub. Eray karyerası ərzində “Bael”, “Nant”, “Sion”, “Luqano” kimi klubların da şərəfini qoruyub. 26 yaşlı müdafiəçi İsveçrənin müxtəlif yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə 15 oyun keçirib.

“Real Valyadolid”in sol cinah müdafiəçisi Serxio Eskudero isə azad agent kimi bu klubu tərk edib və “Deportivo”ya keçib. 2022-ci ilin yayından “Valyadolid”də oynayan 34 yaşlı futbolçu bu komandada 60 oyuna çıxıb, 5 qol vurub, 4 assistlə yadda qalıb. O, “Sevilya”, “Xetafe”, “Qranada”, “Mursiya” kimi klubların da formasını geyinib.

“Malyorka”da daha 2 ayrılıq və 1 yeni müqavilə

Amat Ndiayeni “Real Valyadolid”ə satan “Malyorka”da da heyətlə bağlı bir neçə başqa dəyişiklik olub. Komandanın sol cinah müdafiəçisi Xaume Kosta azad agent kimi “Malyorka”dan ayrılıb. 36 yaşlı ispan futbolçu böyük ehtimalla karyerasını bitirəcək. O, bu komandada 95 oyuna çıxıb, 8 assistlə yadda qalıb. Xaume “Vilyarreal”, “Valensiya” və “Kadis”də də oynayıb

Mərkəz müdafiəçisi Xosep Qaya “Malyorka”dan azad agent kimi “Tenerife”yə keçib. 24 yaşlı ispan futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb. “Malyorka”nın yetirməsi olan Qaya, bu klubun əsas komandasında cəmi 7 oyuna çıxıb, 2 qolla yadda qalıb. O, “Amorebieta”da icarədə də olub.

“Malyorka” qapıçısı İvan Kuelyarla da yeni müqavilə bağlayıb. 40 yaşlı qolkiper daha bir mövsüm (2025-ci ilin 30 iyununa kimi) bu klubun formasını geyinəcək. Təcrübəli qapıçı bu klubun əsas komandasında cəmi 2 oyuna çıxıb və 1 qol buraxıb. O, “Sportinq” (Xixon), “Leqanes”, “Eybar”, “Atletiko” (Madrid) kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: