“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 2-ci raundunda “Makkabi”yə (Hayfa) qarşı ilk oyundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, İsrail və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah məlum səbəblərdən Macarıstanda baş tutacaq.
Bu gün oyundan öncə mətbuat konfransı təşkil olunub. Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan öncə keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Nəhayət, yenidən oyunlara başlayacağımız üçün xoşbəxtik. Oyunlara başlamağın verdiyi xoşbəxtlikdən əlavə, avrokuboklarda çıxış edəcəyimizə görə də sevincliyəm. Düşünürəm ki, son mövsümdə çox yaxşı çıxış etdik və mövsümü yaxşı nəticə ilə başa vurduq. Sabah bizi vacib oyun gözləyir. Biz tarixi titullarla zəngin olan kluba qarşı oynayacağıq. Son mövsümdə onlar avrokuboklarda yaxşı çıxış ediblər və bu oyunun favoritidilər. Amma bizim şansımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu iki oyunun nəticəsinə əsasən biz mərhələni keçə bilərik”.
“Sabah”ın kapitanı Elvin Camalov da “Makkabi” ilə ilk oyundan öncə açıqlama verib. 29 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırırıq:
“Bir aydır təlim-məşq toplanışındayıq. Hazırlığı çox yaxşı bitirdik. Sabah vacib oyuna çıxacağıq. Əlimizdən gələnin ən yaxşısını edib, yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, “Makkabi” – “Sabah” matçına sabah Bakı vaxtı ilə saat 21:15-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.


