Fransa millisinin və İngiltərənin “Aston Villa” klubunun sağ vingeri Mussa Diabi bundan sonra “Əl-İttihad”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Əl-İttihad” bu transfer üçün “Aston Villa”ya 60 milyon avro ödəyib. Əslən Malidən olan fransalı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. 25 yaşlı vinger yeni klubunda 19 nömrəli formanı geyinəcək.
Mussa Diabi Fransanın PSJ klubunun yetirməsidir. O, İtaliyada “Krotone”, Almaniyada “Bayer” klublarının da formasını geyinib. “Aston Villa” Diabini 2023-cü ilin iyul ayında 55 milyon avro qarşılığında heyətinə qatmışdı. 25 yaşlı futbolçu Premyer Liqa klubunun heyətində 54 oyuna çıxıb, 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında da oynamış Diabi, 2021-ci ildən əsas millidə forma geyinir. O, Fransa milli komandasının heyətində meydana çıxdığı 11 oyunda cəmi 1 assistlə yadda qalıb.
Mussa Diabinin qənimətlər muzeyində PSJ ilə 2018/2019-cü illər mövsümündə qazandığı Fransa Liqa 1 çempionluğu və Fransa Super Kuboku var. Diabi “xoruzlar”ın heyətində 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.
Fransalı mütəxəssis Loran Blanın çalışdırdığı “Əl-İttihad”da Nqolo Kante, Fabinyo, Kərim Benzema, Hussem Auar, Jota, Luis Felipe kimi tanınmış futbolçular da forma geyinir.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


