Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu heyətini iki yeni futbolçu – Rasmus Kristensen və Oskar Höylundla gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Müqavilə ilə İngiltərənin “Lids” klubuna məxsus olan Rasmus Kristensen “Ayntraxt”a icarə əsasında keçib. Almaniya klubu onu satınalma şərti olmadan, qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb. Kristensenin “Lids”lə mövcud müqaviləsi isə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Kristensen Danimarkanın “Midtyulland” klubunun yetirməsidir. “Ayaks” və “Zalsburq”da da oynamış cinah müdafiəçisi “Lids”ə 2022-ci ilin yayında 13 milyon avro müqabilində keçib. O, bu klubun heyətində 30 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb. Ötən mövsümü İtaliyada keçirmiş Rasmus, icarə əsasında formasını geyindiyi “Roma”nın heyətində 31 matça çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Danimarkanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Kristensen, 2021-ci ildən əsas millidə çıxış edir. O, Danimarka yığmasında 21 matç keçirib, 1 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
Oskar Höylund isə Danimarkanın “Kopenhagen” klubundan 1,35 milyon avro qarşılığında “Ayntraxt”a keçib. 19 yaşlı danimarkalı mərkəz yarımmüdafiçisi Almaniya klubu ilə 5 illik müqavilə bağlayıb.
Höylund “Kopenhagen”in yetirməsidir. O, bu klubun əsas komandasında 23 oyun keçirib, 1 assist müəllifi olub. Yarımmüdafiəçi Danimarkanın U-17, U-18 və U-19 yığmalarının da formasını geyinib.
“Ayntraxt” Albaniyadan olan gənc qapıçısı Simon Simonini də “İnqolştad”a icarəyə verib. 20 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.
Simon Simoni “Ayntraxt”a 2023-cü ilin yanvarında Tirana “Dinamo”sundan gəlib. Bu klubun əsas komandasında debüt şansı qazanmamış gənc qolkiper, Albaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, hazırda isə U-21-də çıxış edir.


